AZ RU
Audi sürücüsüz yolsuzluq avtomobili hazırlayıb

Audi sürücüsüz yolsuzluq avtomobili hazırlayıb

Alman markası IAA 2019 avtosalonuna elektrikli Audi AI:Trail yolsuzluq avtomobilini gətirib. Bu, Aicon, AI:Me və AI:Race (əvvəllər PB18 e-tron adı ilə tanınırdı) modellərindən sonra AI ailəsinin dördüncü nümayəndəsidir. Audi-nin təqdimatında gələcəyin yolsuzluq avtomobili zahirən Ay avtomobilini xatırladır: yarısı şüşədən olan kuzov və şüşə dam sərnişinlərə ətraf mənzərəni və səmanı seyr etməyə imkan verir.

AI:Trail-in ümumi uzunluğu 4150 mm, eni 2150 mm, hündürlüyü 1670 mm-dir. Yol klirensi 340 mm, keçə biləcəyi suyun dərinliyi isə 500 mm-dən çoxdur. Kuzov yüksək texnologiyalı polad, alüminium və karbondan hazırlanıb ki, bu da dartı batareyası daxil olmaqla 1750 kq kütləli konstruksiya yaratmağa imkan verib. Yolsuzluq avtomobili xarici diametri 850 mm olan şinlərə «geyindirilmiş» 22 düymlük disklər üzərində hərəkət edir. Şinlərdəki təzyiqə elektronika nəzarət edir: sistem örtüyün növündən və sürüş rejimindən asılı olaraq lazımi təzyiqi avtomatik müəyyənləşdirir.

Geniş çoxbucaqlı salonda dörd nəfər rahat yerləşə bilər: ön cərgədə dördnöqtəli təhlükəsizlik kəmərləri olan iki tam dəyərli oturacaq, ikinci cərgədə isə piknik zamanı maşından çıxarıla bilən iki «şezlonq» quraşdırılıb. Sükan çarxı  təyyarə şturvalını xatırladır, transmissiya selektoru isə yoxdur. Ön və arxa şüşələr açılır, salona minməyi və damdakı baqaj yerinə yük qoymağı qapı astanalarına quraşdırılmış çıxarılan pilləkənlər asanlaşdırır. Avtomobilin arxa hissəsində çirkli əşyalar üçün bölmə nəzərdə tutulub.

Qarşıdakı yolu işıqlandırmaq üçün yolsuzluq avtomobili elektrik intiqallı və daxili matris LED-lərlə təchiz olunmuş beş dron istifadə edir: kameralardan gələn təsvir Wi-Fi vasitəsilə bort monitoruna ötürülür. Dronlar induksiya üsulu ilə enerji toplayır. Bunun üçün dronun avtomobilin kapotuna və ya damına enməsi kifayətdir.

Audi AI:Trail-in hər təkəri ayrıca elektrik mühərriki ilə hərəkətə gətirilir. Onların ümumi gücü 435 a.g. və 1000 Nm-dir. Şassidə hər dörd təkərdə McPherson asqısı və adaptiv amortizatorlar var. Yolsuzluq avtomobilinin maksimal sürəti cəmi 130 km/saatdır. Yolsuzluqda hərəkət məsafəsi 250 km, hamar yolda isə 400-500 km-dir. Dördüncü səviyyəli avtonom idarəetmə sistemləri AI:Trail-ə abadlaşdırılmış yollarda demək olar ki, müstəqil hərəkət etməyə imkan verir, lakin yolsuzluqda idarəetməni sürücü öz üzərinə götürməli olacaq.