AZ RU
Kia Sonet krossoverini təqdim edib

Kia Sonet krossoverini təqdim edib

Kia şirkəti Yeni Dehlidəki Auto Expo avtosalonunda tamamilə yeni kiçik krossover təqdim edib. Gözlənildiyi kimi, ona Sonet adı verilib.

Hələlik bu, sadəcə konseptdir, lakin seriya modelinə çox yaxındır: yenilik hələ bu ilin ikinci yarısında konveyerə qoyulacaq. Hindistan üçün bu, brendin üçüncü modeli olacaq – Seltos və Carnival-dan sonra. Əvvəllər bildirilmişdi ki, model digər bazarlara da – bir qədər iri Kia Stonic krossoverinin təmsil olunmadığı bazarlara çıxarılacaq.

Texniki təfərrüatlar hələlik azdır, lakin Kia Sonet Hindistanın vergi sisteminə sərfəli şəkildə uyğunlaşmaq üçün dörd metrdən qısa olmalıdır. Platformanı o, Hyundai Venue ilə bölüşəcək və mühərrikləri də ondan götürəcək. Bu o deməkdir ki, model sırasına iki benzin aqreqatı – 1,2 litrlik 83 at gücündə atmosfer və bir litrlik 120 at gücündə turbomühərrik, həmçinin 1,4 litrlik 90 at gücündə dizel daxil ola bilər. Onların hamısı müəyyən bir «intellektual mexaniki sürətlər qutusu» ilə birləşdiriləcək.

Konsept tamamilə tonlanıb – yəqin ki, interyer hələ tam hazır deyil. Buna baxmayaraq, alıcılara artıq sinfinin ən geniş salonu, 10,25 düymlük sensor ekranlı informasiya-əyləncə kompleksi, həmçinin premium Bose akustikası vəd olunur.