Yaxın beş ildə Land Rover şirkəti bir-birindən kökündən fərqlənən iki yenilik buraxmağı planlaşdırır. Onlardan biri çoxdan müzakirə olunan, təxminən 30 min avro qiymətə malik beşqapılı başlanğıc səviyyəli yolsuzluq avtomobilidir və o, markanın ən əlçatan modelinə çevriləcək. Zavod indeksi L860 olan yeniliyin 2021-ci ildə təqdim olunacağı gözlənilir. Mənbə – öz informatoruna istinad edən Autocar.
Yeni Defender, həmçinin Land Rover-in orijinal kult modelləri L860-ın dizaynının əsasını təşkil edəcək. Bununla belə, yenilik 2011-ci ilin DC100 konsepti qədər bucaqlı olmayacaq. «Beşqapılının» salonu həmin Defender-in üslubunda tərtib olunacaq, lakin qiymət fərqini nəzərə alsaq, materiallar və avadanlıq daha təvazökar olacaq.

Şayiələrə görə, büdcə yeniliyi bazara Land Rover 80 adı ilə çıxacaq. Modelin əsasını ana şirkət Tata-da Omega-Arc adlandırılan yeni D10 platforması təşkil edəcək. Bu «arabacıq» üzərində 2019-cu ilin əvvəlində satışa çıxan yeni Tata Harrier qurulub. Omega-Arc orijinal Range Rover Evoque və Discovery Sport-da istifadə olunan Land Rover-in polad D8 platformasının ucuz, modernləşdirilmiş versiyasıdır. Arxitektura həmçinin kiçik akkumulyator blokunu yerləşdirməyə imkan verəcək ki, bu da plug-in hibrid transmissiyalardan istifadəyə şərait yaradacaq. Mühərrik çeşidinə 1.5 litrlik üçsilindrli turbomühərrik, həmçinin 2.0 litrlik «dördlüklər» daxil olacaq. Ehtimal olunur ki, L860-ın seriyalı istehsalı Land Rover-in Slovakiyadakı yeni zavodunda təşkil ediləcək.
İkinci yenilik – Defender Sport EV – 2023-cü ildə peyda olacaq. Gözlənilir ki, altırəqəmli qiymətə malik elektrik yolsuzluq avtomobili idman dizaynı və unikal üslub həlləri olan dəbdəbəli interyeri ilə seçiləcək ki, bu da ona yeni Aston Martin DBX və başlanğıc səviyyəli Bentley Bentayga ilə rəqabət aparmağa imkan verəcək. Bununla belə, Defender Sport EV hazırkı Land Rover modelləri ilə eyni yolsuzluq xüsusiyyətlərinə malik olacaq.




