AZ RU
Mitsubishi Pajero Rusiya bazarı ilə vidalaşır

Mitsubishi Pajero Rusiya bazarı ilə vidalaşır

Mitsubishi şirkəti Rusiyada Pajero yolsuzluq avtomobillərinin son partiyasının satışına start verdiyini elan edib. Model tədricən dünya bazarlarını tərk edir: satışlar Yaponiyada və Almaniyada artıq dayandırılıb, indi isə Pajero Rusiya ilə vidalaşır. Son 500 avtomobil 1 noyabr 2019-cu ildə diler mərkəzlərində görünəcək.

Mitsubishi Pajero Final Edition alternativsiz V6 3.0 benzin mühərriki (174 a.g.) və Super Select tam ötürücü sistemi ilə Instyle və Ultimate komplektasiyalarında təklif olunacaq. Vida versiyasındakı avtomobil kuzovdakı «Final Edition» yazılı emblemlər və salondakı analoji loqotiplərlə fərqlənir. Həmçinin son Pajero-ların alıcılarına final seriyasından olan avtomobilin VIN nömrəsi yazılmış adlı sertifikatlar təqdim ediləcək. «Adi» Pajero hazırda 2 milyon 898 min rubldan başlayan qiymətə satılır. Beş yüz avtomobil təxminən daha yarım illik satışa kifayət etməlidir, çünki bu ilin ilk doqquz ayında Pajero Rusiyada 884 alıcı tapıb.

Xatırladaq ki, hazırkı dördüncü nəsil yolsuzluq avtomobili 2006-cı ildən istehsal olunur və texniki baxımdan doxsanıncı illərin sonunda işıq üzü görmüş üçüncü nəsil Pajero-nun modernləşdirilməsinin nəticəsidir. Avtomobillər hələ də Cənubi Amerikada, Avstraliyada və Yaxın Şərqdə satılır, lakin orada da modelin istefası uzaqda deyil. Bununla belə, əfsanəvi adın dünya bazarlarına qayıtması ehtimalı var — düzdür, çox güman ki, krossover formatında.