AZ RU
BMW pikapını artıq canlı görmək mümkündür

BMW pikapını artıq canlı görmək mümkündür

Qeyri-adi avtomobil ilk dəfə ictimaiyyətə canlı göstərilib: 2019-cu ilin iyulunda onu yalnız firmanın reklam fotolarında görmək olurdu. BMW X7 əsasında hazırlanmış pikap tək nüsxədə qurulmuş prototipdir və onu seriya istehsalına buraxmaq planlaşdırılmır. Krossoveri pikapa çevirmək ideyası markanın Münhendəki baş zavodunun təcrübəçilərinə məxsusdur — onlar çertyojları müstəqil şəkildə hazırlayıb və bütün işi özləri görüblər.

Layihə komandası 12 nəfərdən ibarət idi, lakin onlara BMW-nin prototip hazırlanması və maket işləri üzrə iki bölməsi — Concept Vehicle Construction və Model Technology kömək edib. Pikap yeddiyerlik baza krossoverindən 100 millimetr uzun alınıb — gözlənildiyi kimi, bütün artım arxa çıxıntının payına düşüb. Avtomobilin ümumi uzunluğu 5251 millimetrdir. Prototip üçün orijinal arxa qapılar və qanadlar, arxa divar, yük bölməsinin bortları, döşəmə və yan divarlar hazırlamaq lazım gəlib. Dam faktiki olaraq əvvəlki kimi qalıb: onu yalnız ikinci oturacaq cərgəsinin arxasından kəsmək kifayət edib.

Orijinal kuzov panellərinin hazırlanmasında karbon plastikdən istifadə sayəsində X7 pikapı krossoverdən 200 kiloqram yüngüldür. Yük platformasının daxili uzunluğu adi vəziyyətdə 140 santimetr, bort endirildikdə isə düz iki metrdir. Ona BMW F 850 GS motosikleti yerləşir. Pikap iki hündürlük rejimli pnevmatik asqı ilə təchiz olunub — salona minərkən və kuzova yük yığarkən onu endirmək olar.