Nissan şirkəti yenilənmiş dizayn, genişləndirilmiş avadanlıq və təhlükəsizlik sistemləri dəsti ilə yeni nəsil Patrol yolsuzluq avtomobilini təqdim edib. Yeni Patrol hazırkı nəsildən üfüqi «qabırğalı» və massiv haşiyəli firma V-şəkilli radiator barmaqlığı ilə tamamilə yenidən çəkilmiş ön hissəsi ilə fərqlənir. Avtomobil həmçinin bumeranq formasında yeni LED gündüz işıqları, xromlanmış korpuslu duman faraları və qara dekorativ haşiyəli yeni şaquli hava qəbulediciləri alıb. Kuzovun arxa hissəsi demək olar ki, dəyişməyib. Burada yeni olan yalnız bumeranq naxışlı optika və Nissan avtomobilində ilk dəfə görünən dinamik dönmə işıqları, eləcə də onları birləşdirən, model adı yazılmış xromlu üzlükdür.
Yeni nəsil Patrol-un salonu romb şəkilli dekorativ tikişli dəri ilə üzlənmiş yeni oturacaqlar və əl ilə üzlənmiş yeni sükan çarxı ilə təchiz olunub. Opsional olaraq ön kreslolar ventilyasiya sistemi və elektrik ötürücülü bel dəstəyi ilə təchiz edilə bilər. Yenidən çəkilmiş mərkəzi konsolda Apple CarPlay və Android Auto dəstəkli iki displey quraşdırılıb: yuxarıdakı multimedia sistemi və naviqasiya, aşağıdakı isə avtomobilin əsas funksiyalarını idarə etmək üçündür. Avtomobil həmçinin təkmilləşdirilmiş kondisioner sistemi alıb.
Aktiv təhlükəsizlik və sürücüyə yardım sistemləri siyahısında frontal toqquşma barədə xəbərdarlıq və piyadaları aşkarlama funksiyalı avtomatik təcili əyləc var. Onlar Nissan Intelligent Mobility təhlükəsizlik sistemləri kompleksinə əlavə olunub.
Standart komplektasiyada yeni Patrol 275 a.g. (394 Nm) gücündə 4.0 litrlik V6 mühərriki ilə təklif olunur, əlavə ödənişlə 400 a.g. və 560 Nm fırlanma momenti verən 5.6 litrlik V8 quraşdırılacaq. Ötürücü - dartı nəzarəti rejimləri dəyişdiricisi olan tam All-Mode 4X. V8 mühərrikli avtomobillər üçün HBMC (Hydraulic Body Motion Control) yanalma əleyhinə sistemi təklif olunur.






