Toyota şirkəti əfsanəvi yolsuzluq avtomobilinin Toyota Land Cruiser 300 adını almış yeni nəslini rəsmi olaraq elan edib.
Toyota Land Cruiser 300 tamdəyərli yolsuzluq avtomobilinin atributlarını qoruyub saxlamaqla yanaşı, müasir texnologiyalar və yeni dizayn alıb. Bütün işıqlandırma indi işıqdiodludur, faralar isə matris tipli ola bilər.
Yolsuzluq avtomobili qlobal TNGA arxitekturasına əsaslanan yeni GA-F platformasında qurulub. Yeni rama daha möhkəm və sərtdir, eyni zamanda 200 kq yüngüldür. Bu, avtomobilin kütləsini artırmadan əlavə avadanlıq quraşdırmağa və daha yaxşı səs izolyasiyası etməyə imkan verib. Kütləni azaltmağa alüminium kapot, qapılar, dam və ön qanadlar kömək edib.
İstehsalçı bildirir ki, Land Cruiser 300 sürücünü yormadan istənilən maneəni dəf etməyə imkan verəcək. Mühəndislər asqını xeyli təkmilləşdiriblər, amortizatorlar adaptiv ola bilər. V8 mühərriklərindən imtina edilib, onları turbomühərrikli V6-lar əvəz edəcək.
415 at gücündə 3,5 litrlik V6 mühərriki 415 Nm fırlanma momenti inkişaf etdirir. Həmçinin 309 a.g. gücündə və 709 Nm fırlanma momentli 3,3 litrlik turbodizel də var. Hər iki halda 10 pilləli hidromexaniki sürətlər qutusundan istifadə olunacaq. Əvvəlki 5,7 litrlik V8 mühərriki 381 a.g. güc inkişaf etdirirdi.
Land Cruiser 300-də həm hərəkət rejimlərinin seçimi, həm 4 Low rejimi, həm üçədək bloklanan diferensial, həm firma E-KDSS stabilizasiya sistemi, həm də sürücüyə real vaxt rejimində avtomobilin altındakı və ətrafındakı yol örtüyünü görməyə imkan verən Multi-Terrain Monitor var. Avtomobil yol örtüyünün keyfiyyətindən asılı olaraq hərəkət rejimini özü seçə bilər.
Salonda 12,3 düymlük ekran, JBL akustik sistemi, dörd zonalı iqlim-kontrol, bütün oturacaqlarda isitmə və ön oturacaqlarda ventilyasiya quraşdırılıb. Bazara əvvəlcə 5 yerlik, sonra isə 7 yerlik versiya çıxacaq.
Toyota Land Cruiser 300-ün satışları elə bu ilin yayında başlayacaq.













