Yeni üç cərgəli Mercedes-Benz GLS krossoverinin lüks versiyası olan Mercedes-Maybach GLS-in rəsmi premyerası bu payız baş tutacaq. Bu günə qədər Bentley Bentayga və Royce-Rolls Cullinan-ın rəqibi diqqətdən kənarda qalmağı bacarırdı, lakin Carscoops sayəsində yeni Maybach krossoverinin görünüşü tamamilə üzə çıxıb. Nəşrin yaydığı casus fotolara əsasən, lüks versiya adi GLS-dən şaquli tilli radiator barmaqlığı, yeni bamperlər, Continental PremiumContact 6 təkərlərinə «geyindirilmiş» disklərin dizaynı, işlənmiş qaz sisteminin borucuqlarının tərtibatı və emblemləri ilə fərqlənəcək.
Gözlənilir ki, flaqman GLS ikinci cərgədə mərkəzi konsolla ayrılmış, ventilyasiya və masaj funksiyalı çoxkonturlu oturacaqlar, dəri üzlük, təbii ağacdan əlavə dekor elementləri, təkmilləşdirilmiş səs izolyasiyası, arxa şüşədə elektrik ötürücülü jalüzlər və salonda havanın ətirlənməsi və ionlaşdırılması funksiyalarına malik Air Balance sistemi alacaq.
Mercedes-Maybach GLS, Mercedes-Benz GLS-in bütün standart və opsional funksiyalarını təklif edəcək: 12.3 düymlük rəqəmsal cihazlar paneli, 12.3 düymlük informasiya-əyləncə sistemi, salonun arxa hissəsində 7.0 düymlük MBUX planşetləri, premium səviyyəli Burmester audiosistemi, qızdırma/soyutma funksiyalı stəkan altlıqları, xarici işıqlandırma sistemi və dörd və ya beş zonalı iqlim-kontrol.
Şayiələrə görə, kapotun altında 490 at gücü və 699 Nm fırlanma momenti hasil edən 4.0 litrlik, ikiqat turbo doldurmalı V8 mühərriki yerləşib. Aşağı dövrlərdə benzinli «səkkizliyə» 21 at gücü və 249 Nm fırlanma momenti verə bilən EQ Boost starter-generatoru kömək edəcək. Sürətlər qutusu doqquz pilləli «avtomat», ötürücü isə tam 4Matic olacaq. Krossover həmçinin yol klirensini dəyişməyə imkan verən Air Body Control pnevmatik asqısını alacaq. Krossoverin mühərrik çeşidində 6.0 litrlik V12 mühərrikinin peyda olması da istisna edilmir.






