Jaguar Land Rover şirkəti avtomobillərində sıfır emissiya səviyyəsinə nail olmağa çalışsa da, model xəttini «təmiz» elektrik dartısına keçirməyə tələsmir və hələlik yalnız plug-in hibridlərin buraxılışı ilə kifayətlənir. Şirkətin mövqeyini Jaguar Land Rover-in icraçı direktoru və baş mühəndisi Nik Rocers Böyük Britaniyanın Qeydon şəhərindəki JLR mühəndis-konstruktor mərkəzində keçirilən tədbirdə jurnalistlərə izah edib.
Jaguar Land Rover-də hesab edirlər ki, ənənəvi akkumulyatorlar böyük çəkiləri səbəbindən ağır yolsuzluq avtomobilləri üçün ən doğru həll olmaya bilər. Üstəlik, belə modellərin aerodinamik müqavimət əmsalı daha yüksəkdir və bu, ağır batareya ilə birlikdə kifayət qədər yürüş məsafəsini təmin etməyə imkan verməyəcək. Rocersin fikrincə, «yaşıl» Range Rover üçün ən yaxşı variant hidrogen yanacaq elementləri olardı. Bununla belə, o əlavə edib ki, yanacaq doldurma baxımından «fantastik» olan bu həll yalnız hidrogeni bərpa olunan enerjidən istifadə etməklə sintez etməyi öyrəndikləri halda tamamilə ekoloji təmiz ola bilər. Hidrogen yanacağının alınmasının adi üsulu elektrik enerjisindən istifadə etməklə suyun hidrogen və oksigenə parçalanmasını nəzərdə tutur.
Bu ilin martında JLR-in hidrogen və yanacaq elementləri şöbəsinin yeni rəhbəri vəzifəsinə əvvəllər Çindəki Great Wall Motor şirkətində yanacaq elementləri sahəsində tədqiqatlar üzrə direktor vəzifəsində çalışmış Ralf Klaq təyin edilib, lakin şirkətin bu sahədəki hər hansı tədqiqatı barədə hələlik məlumat yoxdur.
Bu ilin iyununda JLR elektromobillərin hazırlanması üzrə BMW ilə əməkdaşlığa başladığını elan edib. BMW isə öz növbəsində Toyota ilə əməkdaşlıq edir: şirkətlər birlikdə hidrogen yanacaq elementləri hazırlayır və 2021-ci ildə hidrogenlə işləyən X5 və X7 krossoverlərindən ibarət parkın sınaqlarına başlayacaqlar. BMW Group-un direktorlar şurasının üzvü Klaus Froylix daha əvvəl bildirmişdi ki, yanacaq elementləri ilə işləyən transmissiya tam elektrikli transmissiyadan 10 dəfə bahadır və qiymətcə onlar yalnız 2025-ci ilə qədər bərabərləşə bilər.
Mənbə: Automotive News Europe




