Yeni əmtəə nişanı - LX600 - üçün patent ərizəsi ABŞ Patent və Əmtəə Nişanları İdarəsində qeydiyyata alınıb. AutoGuide-ın məlumatına görə, ərizə bu il oktyabrın 10-da Lexus-un hüquq komandası tərəfindən təqdim edilib və hazırda baxılır. Dünyanın müxtəlif ölkələrində 10 və ya 11 oktyabrda qeydiyyata alınmış oxşar ərizələri Motor1 aşkar edib. Onların arasında Kanada, Peru və Filippin var. Bundan əlavə, oktyabrın 10-da şirkət Moldovada LX500d üçün əmtəə nişanının qeydiyyatı barədə ərizə verib.
Lexus LX Amerika bazarında 2007-ci ildə peyda olub və hazırda ABŞ-da təklif olunan ən köhnə modellərdən biridir. Şayiələrə görə, yolsuzluq avtomobilinin və onunla eyni platformada qurulan Toyota Land Cruiser-in yeni nəsli yaxın gələcəkdə təqdim olunacaq. Hər iki model yeni şassi alacaq, lakin bununla yanaşı V8 mühərrikindən məhrum olacaq. Ehtimal olunur ki, yeni aqreqat xəttinə 3.5 litrlik biturbo V6, V6 «turbodizel» və «altılıq» əsasında hibrid güc qurğusu daxil olacaq. Aqreqatlar əvvəlki 8 pilləli «avtomat»ı əvəz edəcək 10 pilləli «avtomat»la birləşdiriləcək.
Lexus LX-in növbəti nəslinin debüt tarixi hələ də sirr olaraq qalır, lakin patent idarəsinin lazımi icazələri verməsi üçün aylar tələb olunacağını nəzərə alsaq, premyeranı 2020-ci ildən əvvəl gözləməyə dəyməz.
Hazırda Lexus LX iki versiyada mövcuddur: 383 a.g. (546 Nm) gücündə 5.7 litrlik benzinli V8 ilə LX570 və 4.5 litrlik «dizel»lə LX450.




