Inkas Sentry Civilian ağır Ford F-550 pikapının modifikasiya edilmiş platforması üzərində qurulub. Hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş zirehli yolsuzluq avtomobili gücləndirilmiş asqı, əyləclər və BR6 səviyyəli ballistik müdafiəni, yəni 7.62 kalibrli güllələrdən və iki DM51 qəlpəli qumbarasından qorunmanı təmin edən xüsusi hazırlanmış kuzovla təchiz olunub. Bunun üçün çoxqatlı güllə keçirməyən şüşə, gücləndirilmiş qapı həncamaları və digər konstruksiya elementləri, həmçinin akkumulyatorun və mühərrikin elektron idarəetmə blokunun mühafizəsi tətbiq edilib.

Zirehli maşının salonunda yeddi nəfər yerləşə bilər və onların ixtiyarında Apple, Amazon və Google səsli köməkçiləri ilə inteqrasiya, isitmə və kondisioner sistemi, mini-bar, seyf, 360 dərəcəlik dairəvi görüntü kameraları, gecəgörmə və kimyəvi müdafiə sistemləri daxil olmaqla bir sıra müxtəlif funksiyalar var. Tam ötürücülü Inkas Sentry Civilian-ı 330 a.g. gücündə 6.7 litrlik «turbodizel» hərəkətə gətirir, onunla cüt altıpilləli «avtomat» işləyir.

Ötən ilin mayında kanadalılar xüsusi təyinatlı bölmələr üçün 500 mm yol klirensinə, BR6 səviyyəli zirehə, 6.8 litrlik «turbodizel» mühərrikə (395 a.g., 1085 Nm) və altıpilləli avtomatik sürətlər qutusuna malik Inkas Sentry MPV-ni nümayiş etdirmişdilər. Bu avtomobilin maksimal sürəti 140 km/saat idi. Təyinatından asılı olaraq yolsuzluq avtomobili gecəgörmə cihazları, elektron idarəli bucurqad, fırlanan turel və ya səsli xəbərdarlıq qurğusu, həmçinin mühərrik bölməsinin əlavə mühafizəsi ilə təchiz edilirdi.
Mənbə: Carscoops




